2018’də Ən Çox Oxunan 15 Kitab: Gürcüstan

Keçdiyimiz günlərdə, “görəsən bu camaat nə oxuyur əcaba?” deyib, hazırladığım Türkiyə’də 2018’də Ən Çox Oxunan Kitablar yazımdan sonra, düşündüm ki, mən eyni araşdırmanı Gürcüstan üçün niyə etmirəm axı? Elə bu sualı yenicə özümə vermişdim ki, qəfil özümdən özümə bir səda gəldi: “Güya bilmirsən nə ilə qarşılaşacaqsan?!”

O qədər tərs və inadkaram ki, bu dəfə də özümə inad edib, “yox, qarşılaşacağım mənzərə ən pis halda nə ola bilər ki, sən yenə də bir araşdır” deyib, sonra da qollarımı çərmələyib, klaviaturanı əlimə alıb, barmaqlarımı çıtladıb (bilirəm, bunu etməməli idim) bu yazıya hazırlandım. Eləmə tənbəllik, sorğulara başladım.

Apardığım sorğuda toplamda 55 gənc iştirak etdi. Bunlardan bəzisi universitet tələbəsi, bəzisi məktəb şagirdi, bəzisi də ali təhsilini başa vurmuş yetişkinlər idi. Əldə etdiyim nəticə, qarşıma belə bir mənzərə çıxartdı: bu 55 nəfəri 2018-ci ildə bir nöqtədə birləşdirən 15 kitab olub.

Bilmək istəyirsiniz bunlar hansı kitablardır belə? Elə isə, sizə bir az əziyyət verərək (əslində heç əziyyət filan vermirəm, fikrinizin, zikrinizin hələ də məndə olub-olmadığını yoxlamaq üçün deyirəm) sizi yazının davamını oxumağa dəvət edirəm:

1. Miraç Çağrı Aktaş – Sen On Yedi Yaşımsın


Apardığım bu sorğudan sonra sizə deyə bilərəm ki, sorğuda iştirak edən hər 5 universitet tələbəsi qızdan azı 2-si “2018-ci ildə bu kitabı oxumuşam” dedi.

Hətda bir ara öz-özümə düşündüm, tərəddüd etdim ki, “olmaya mən bu kitabı oxumayaraq böyük bir qəbahət etmişəm?!” Yenə nəysə ki, araşdırmağa bir az daha davam edib, qarşılaşdığım mənzərə ilə bir qəbahət filan etmədiyimə özümü inandıra bildim.

2. QaraQan – Üçüncü addım (Rəqəmsal Meşə)

Nəşr olunduğu ildən etibarən Azərbaycan’da bir çox oxucunun diqqətini cəlb etmiş trilogiya, Gürcüstan’dakı oxucuların da nəzərindən qaçmayıb. Trilogiyanın hər üç kitabı maraqla qarşılanıb və 2018-ci ildə ən çox oxunan kitablardan olub.

…

3. QaraQan – İkinci Addım

Yuxarıda qeyd etdiyim trilogiyanın ikinci kitabı və eyni zamanda ən çox səs-küy gətirən İkinci Addım da keçən il ən çox oxunan kitablardan olub (ən çox müzakirə edilən də həmçinin. Hələ bəzi qruplarda yazıçını əyri oturub, düz söyənləri demirəm).

4. Napoleon Hill – Düşün Və Varlan

Bir çoxunuz indiyənə kimi ən az bir dəfə fərdi inkişaf kitabı oxumusunuz və ya əlinizə almısınız. Elə isə, bu kitabı da eşitmiş olarsınız yəqin ki. Bu, həmin o kitabdır, hansı ki, Gürcüstan’da 2018’də ən çox oxunanlardan oldu.

Gələn il də bu kitabı oxuyanlar arasında bir sorğu apararıq. Baxaq görək bu kitabdan sonra varlanan, di yaxşı, heç olmasa düşünən neçə nəfər var?

5. Zeus Kabadayı – Sevseydi Gitmezdi

Bu kitab haqqında sadəcə bunu deyəcəm, “kaş olmasaydı”, amma bu boyda ölkədə (güya çox da böyük bir ölkəymiş kimi) ən çox oxunanlardan biri də bu olub.

6. Xalid Hüseyni – Min Möhtəşəm Günəş

Hara gedirsinizsə gedin, ölkəniz arxanızdan gələcəkdir. Artıq siz orada yaşamasanız belə o sizin içinizdə yaşayacaqdır. Әfqanıstanın Xalid Hüseyni’də yaşadığı kimi… 

Sayca Xalid Hüseyni’nin ikinci kitabı olan Min Möhtəşəm Günəş, bu il ən çox oxunanlar arasında özünə yer etdi.

7. Dan Brown – Da Vinci Şifrəsi

Oxucular arasında mistika, həyəcan, araşdırma və tarix sevənlər da az deyil… Mammamiya!

8. Dan Brown – Cəhənnəm

Dan Brown’un növbəti ən çox oxunan əsəri Cəhənnəm adlı kitabı oldu.

9. Albert Camus – Yad

Siyahımız fəlsəfəsiz olmazdı təbii ki.
“Bir ölkəyi tanımaq istəyirsinizsə, o ölkədə insanların necə öldüyünə baxın.” cümləsinin sahibi sevimli Albert Camus’nün dünyaca məşhur Yad əsəri siyahımızın 9-cu pilləsində özünə yer etdi.

10. Gary Small – Bir Psikiyatristin Gizli Defteri

Psixiatrların dünyasında ən qeyri-adi hadisələrin qeydə alındığı bu kitab da bizim gənclərin nəzərindən qaçmayıb.

11. Fyodor M.Dostoyevski – Cinayət Və Cəza

Bu siyahıda Dostoyevski’nin ölməz əsəri olan Cinayət Və Cəzanı görmək, məni sevindirmədi desəm, yalan olar.

12. George Orwell – 1984

Türkiyə‘də olduğu kimi, burada da 1984 əsəri, oxucuların ən çox diqqətini cəlb edən kitablardan oldu.

13. Stefan Zweig – Şahmat

Düşünürəm ki, qələminə və üslubuna bələd olan hər kəs, mənim kimi bu siyahını Stefan Zweig’sız təsəvvür edə bilməzdi. 🙂

14. Stephen Hawking – Zamanın Qısa Tarixi

Zamanın Qısa Tarixi, 1988-ci ildə ilk nəşrindən bu yana keçən illər ərzində içindəki elmi yazılarla öz sahəsində bir şahəsər olaraq adlandırlıdı. 40 dilə tərcümə edildi və 9 milyondan artıq yenidən nəşr olunaraq beynəlxalq bir uğura imza atdı.

15. Victor Hugo – Bir Edam Məhkumun Son Günü

Kitabı oxuyarkən insan istər-istəməz özünü sorğulayır, edam haqqında nə düşündüyü, nə düşünməli olduğu gəlib keçir xəyalından. Kitabda söhbət cinayətin nə olduğuna deyil, məhkumun duyğu və düşüncələri üzərində sıxlaşır.

……

Beləliklə bir yazının daha sonuna gəldik. Bu yazımda sizlərə gənclərin keçən il ən çox hansı kitablara üz tutduqlarını, nələr oxuduqlarını, nələr düşündüklərini göstərməyə çalışdım.

Sözün düzünü desəm, – ki mən hər zaman düzünü deyirəm (yalan!), bu bir ildə ən çox oxunan kitabların bunlar olması, nə çox qürur duyub, bayraq açdıracaq, nə də ümidsizliyə düşürəcək bir mənzərədir.

Biz bundan daha da irəliyə gedə bilərik, elə deyil?

……

Bu araşdırmamda mənə dəstək olan Gürcüstan Kitabevi‘nə xüsusi təşəkkürlərimi bildirirəm.

Bir şərh yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a website or blog at WordPress.com

Yuxarı ↑